Neftlə zəngin ölkələr sırasına daxil olan Azərbaycan Respublikasında müasir şəraitdə şaxələndirilmiş ixrac potensialının yaradılmasına ciddi ehtiyac duyulur. Bu istiqamətdə mövcud olan real imkanların aydınlaşdırılması məqsədilə, məqalədə neft iqtisadiyyatlı ölkələrin müvafiq təcrübəsi empirik materiallar əsasında araşdırılır. Göstərilir ki, neft qiymətlərinin 2000-ci illərin əvvəllərində formalaşan əlverişli konyukturası şəraitində qeyri-neft məhsullarının ixrac səviyyəsi ümumən yüksəlmiş, lakin ixracın strukturunun xarici bazarlara çıxarılan məhsulların mürəkkəbliyi və keyfiyyəti baxımından çağdaş tələblərə uyğunluğu təmin olunmamışdır. Dıgər tərəfdən, qeyri-neft təyinatlı məhsulların əhalinin hər nəfərinə düşən həcminin müvafiq ölkələr üzrə differensiallaşması güclənmiş və bu prosesin gedişində həmin göstəriciyə görə autsayderlər qrupu formalaşmışdır. Sübut olunur ki, belə vəziyyət neft iqtisadiyyatının özəl mexanizmi bazasında yaranır. Ölkələrin qeyd edilən qrupunun qeyri-neft ixracının inkişafının “neft gəlirləri tələsinə” düşdüyünü demək mümkündür.
Məqalədə neft ölkələrində ixrac potensialının şaxələndirilməsinin əsas amilləri korelyasiya və reqresiya metodları ilə araşdırılır. Həmin amillərin təsir xüsusiyyətləri və qarşılıqlı əlaqələri aşkar olunur. Araşdırmaların nəticələri əsasında Azərbaycanda ixracın diversifikasiya imkanlarına dair dəyərləndirmələr aparılır.